Zəlzələ zamanı
ZƏLZƏLƏ ZAMANI DAVRANIŞ QAYDALARI
İnsanların dəhşətli təbiət hadisələri haqqında yüksək səviyyədə məlumatlandırılması və biliklərinin artırılması, təbii fəlakətlərin nəticələrinin yüngülləşdirilməsi istiqamətində aparılan işlərdən ən səmərəli üsullardan biridir.
Seysmik aktiv ərazilərdə yaşayan hər bir şəxsin zəlzələ haqqında müxtəlif informasiya (TV, kütləvi məlumat vasitələri və s.) mənbəyindən müəyyən bilik alması lazımdır.
Zəlzələyə qarşı hazırlığı olmayan insanlar zəlzələ baş verdikdə adətən emosional stress keçirdiyindən bəzən təhlükəli qərarlar qəbul edirlər (məsələn: çoxmərtəbəli binaların pəncərə və ya eyvanlarından tullanmaq, liftə minmək). Tələbə və məktəblilər, iş yerində olan qulluqçular məcburi qaydada zəlzələ vaxtı davranış qaydaları ilə yaxından tanış olmalıdırlar.
Məktəblilər üçün zəlzələlərin mənşəyi, təzahürü və onlara hazırlıq tədbirləri haqqında biliklərin tədrisi üzrə məşğələlər təşkil etmək lazımdır. Bu uşaqlarda qorxu hissinə qalib gələr və zəlzələni daha təmkinlə qarşılamada kömək edə bilər. Təlim – seysmik həyəcan tədbirləri yaşlıların və uşaqların zəlzələyə psixoloji cəhətdən hazır olmalarına və zəlzələ zamanı əhalinin davranış qaydalarını mənimsəməsi olduqca faydalıdır.
Təəssüf ki, biz hələ zəlzələni “idarə” edə bilmirik, yəni onun təsir gücünü azalda bilmirik. Lakin biz onun törətdiyi itkiləri azalda bilərik. Bunun üçün binaları və sənaye obyektlərini tektonik yarıqlar, dik yamaclar, bataqlaşmış yerlər kimi təhlükəli zonalardan kənarda gözlənilən seysmik təhlükəyə davamlı salmalı, köhnə tikililəri isə seysmik tələblərə uyğun olaraq möhkəmlətmək lazımdır.
Zəlzələlər zamanı insan təlafatı və itkilərin çoxu bina və konstruksiyaların uçması, mebellərin və interyerin başqa komponentlərinin davamsızlığı ilə əlaqədardır. Buna görə də davamlı və ağır mebellərin istifadə olunması məsləhətdir. Ağır əşyaları yuxarıda saxlamaq olmaz. Çarpayıları əsas divarların və dirəklərin yanında qoymaq lazımdır. Yanğın da çox təhlükəlidir. Hamı ehtiyac olduqda qaz və elektrik xətlərini bağlamağı bacarmalıdır. Fənərləri (kibriti yox!), dərman qutusunu, isti geyim əşyaları etibarlı yerlərdə saxlamaq lazımdır.
Yadda saxlamaq lazımdır ki, tövsiyə edilən müdafiə tədbirlərindən ən yaxşısı çaxnaşmaya düşməməkdir. Unutmaq olmaz ki, zəlzələ yer tərpənməsi olub bir neçə saniyə və güclü zəlzələdə isə bir dəqiqəyə qədər davam edə bilər. Ona görə də siz binanın içərisində olduqda təcili sürətdə təhlükəsiz yerə qaçın. Daxili qapıların yerində və ya otağın daxili künclərində dayanın. Unutmayın ki, binanın daha çox xarici divarları uçur. Dayandığınız yer təhlükəli, ya da möhkəm deyilsə, onu yalnız təkanlardan sonra dəyişin.
Unutmayın ki, xəsarət almış binalarda təkrar təkanlar (afterşoklar), daha təhlükəli ola bilər. Pəncərələrdən, sobalardan, ağır əşyalardan - kitab rəflərindən, soyuduculardan, qab-qacaq rəflərindən kənarda durun. Onlar aşa bilər və ya yerindən tərpənib sizə ağır zədə vura bilər. Əgər siz çoxmərtəbəli binanın daxilindəsinizsə, liftə girməyin və pilləkənlərlə qaçmayın. Pilləkənlərdə basabas olacaq, liftlər isə işləməyəcək. Bundan başqa zəlzələ zamanı pilləkənlər və liftlər çox vaxt uçulur. Güclü təkanlardan sonra elektrik və qaz sistemlərini qapayın (əgər onlar öncədən qapanmayıbsa). Kibrit, şam və alışqanlardan qətiyyən istifadə etməyin, qaz axını partlayışlı yanğına səbəb ola bilər.
Binadan kənardasınızsa, binaya yaxınlaşmayın, əksinə ondan kənara küçənin ortasına, boş sahələrə, bağlara qaçın, ən açıq olan sahələrə çəkilin və elektrik şəbəkəsindən uzaqlaşın.
Zəlzələdən sonra təmkinli olun, təkrar təkanlar haqqında hər hansı bir məlumat, proqnoz şayiələr yaymayın. Rəsmi orqanların məlumatlarından faydalanın və yalnız onların tövsiyələrinə əsasən hərəkət edin. Telefondan yalnız zədə almış insanlar barədə xəbər vermək üçün istifadə edin, digər hallarda telefon xətlərini məşğul edərək xilasetmə və tibb xidmətlərinin işinə mane olmayın. Gərginlik bir qədər azaldıqdan sonra, qohumlarınız və yaxınlarınızla əlaqə saxlaya bilərsiniz. Yaralılara ilk yardım göstərin (bunun üçün yanınızda ilk yardım dərman qutusu olmalıdır), ehtiyacı olanların yanına həkim göndərin. Yanğın ocaqlarını tapın və imkan dairəsində onları söndürməyə çalışın. Zədələnmiş binaların yanından keçərkən, çox diqqətli olun. Uçqunlar qəflətən baş verə bilər. Bundan başqa qaz sızması, naqillərin qırılması, şüşə parçalanması təhlükəsi də ola bilər.
Zəlzələlərin gözlənildiyi bütün ölkələrdə zəlzələ zamanı əhalinin davranış qaydaları haqqında tövsiyələr demək olar ki, eynidir. Lakin, başlıcası ondan ibarətdir ki, hər bir şəxs bu təbii fəlakətə özünü daxildən hazırlamalıdır. Seysmik cəhətdən təhlükəli rayonlarda yaşayan hər bir adam evdə, işdə, küçədə, avtomobildə və digər yerlərdə ola biləcək zəlzələ zamanı öz davranışını şüurlu və sistematik planlaşdırmalıdır.