Azərbaycan ərazisinin seysmikliyi Azərbaycan ərazisinin seysmikliyinin makroseysmik tədqiqi
Azərbaycan ərazisinin seysmikliyi üzrə ilk yazılar XIX əsrin ikinci yarısında meydana gəlmişdir (Abix, 1862; Üulukidze, 1872). 1859, 1861 və 1872-ci ildə baş vermiş Şamaxı zəlzələlərinə həsr olunmuş bu yazılarda hər bir zəlzələnin təzahür xüsusiyyətləri və nəticələri haqqında məlumat verilir, onların baş verməsini pleystoseyst sahələrinin geoloji quruluşu ilə əlaqələndirmək cəhdləri edilir.
G.V.Abix ilk dəfə olaraq Qafqazda baş verən zəlzələlərin tektonik qırılmalarla əlaqələri haqqında ideya vermişdir. Onun fikirincə, Şamaxı şəhərinin şimal-qərbindən keçən kiçik dağ sıraları ümumqafqaz istiqamətli qırılıb-qalxma tipli tektonik qırılma zonası ilə əlaqədardır.
Q.Q.Tsulikidze 16 yanvar 1872-ci il Şamaxı zəlzələsini tədqiq edərək, orada şimal-qərbdən cənub-şərqə doğru uzanan qırılmaların olduğunu müəyyənləşdirmiş və bölgənin seysmikliyini bu qırılmalarla əlaqələndirmişdir.
1893-cü ildə Qafqazda bəzi zəlzələlərin yayılması xəritəsi tərtib olunmuşdur (Muşketov, Orlov 1893). Bu xəritədə 1821-1887-ci illərdə baş vermiş 30-a yaxın zəlzələlənin yayılma sahələri göstərilir. Xəritənin müəllifləri ilk dəfə olaraq toplanmış məlumatlar haqqında ümumiləşmə aparmağa və ayrı-ayrı zonaları təsvir etməyə cəhd göstərirlər.