8740
BANM-də Yapon mütəxəssislərlə görüş keçirilmişdir
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və professor-müəllim heyəti Yaponiyanın Vaseda Universitetinin Sərvətlər və ətraf mühit mühəndisliyi kafedrasının professoru Masanori Kurihara və İNPEX Korporasiyasının Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirmişdir.
Qonaqlara BANM və onun nailiyyətləri haqqında ətraflı məlumat verilmiş, Azərbaycan və Yaponiya arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən, neft-qaz sektorunda mövcud olan ikitərəfli münasibətlərin inkişafından bəhs edilmişdir. Görüşdə BANM və Vaseda Universiteti arasında perspektivli əlaqələrin qurulmasının mümkünlüyünü vurğulanmışdır. E.Qasımov Vaseda Universitetinin professoru Masanori Kuriharanı 2016-ci ilin martında İNPEX Korporasiyasının təşkilatçılığı ilə Azərbaycana nəzərdə tutulan səfəri çərçivəsində BANM-də tələbələrə master-klass keçməyə dəvət etmişdir.
Vaseda Universitetinin Sərvətlər və ətraf mühit mühəndisliyi kafedrasının professoru Masanori Kurihara təmsil etdiyi universitetin BANM-lə əməkdaşlığa maraqlı olduğunu bildirmişdir. O, gələcəkdə BANM və Vaseda Universiteti arasında mühəndislik ixtisasları üzrə tələbə və professor-müəllim mübadiləsi, tədris proqramlarının hazırlanması və tətbiqi, birgə tədqiqatların aparılması təklifi ilə çıxış etmişdir. Görüşdə 2016-ci ilin martında Vaseda Universitetinin professoru tərəfindən BANM tələbələri üçün professional treninqlərin keçirilməsi haqda razılıq əldə olunmuşdur.