İsmayıllı rayonu, Çərmədil kəndi ərazisində aparılan torpaq işləri zamanı qədim maddi mədəniy-yət nümunələri aşkar edilmişdir. Əraziyə tərəfimizdən keçirilən baxış zamanı təsadüfi aşkar edilən nümunələrin antik və ilk orta əsrlər dövrünə məxsus olması müəyyən edilmişdir. Aparılan yoxlama qazıntı işləri nəticəsində burada son antik və ilk orta əsrlər dövrünə məxsus kurqan, küp və torpaq qəbirlərdən ibarət böyük bir ərazini əhatə edən nekropolun olduğu müəyyənləşdirilmişdir. Nekropol-da aparılan qazıntı işləri zamanı yalnız torpaq işləri görülən ərazidə bir kurqan, səkkiz küp qəbir, iyirmi beş torpaq qəbir aşkar edilərək tədqiqata cəlb edilmişdir. Təbii ki, tədqiq olunan qəbirlər abidənin az bir qismini təşkil etməkdədir. Təxminən 500 illik bir dövr ərzində, qəbirstanlıq kimi insan dəfni həyata keçirilən bu geniş ərazidə, yüzlərlə qəbir olduğunu düşünürük və onların tədqiq olunmasına uzun zaman gərəkdir.